Elçin Əzimli kimdir?

Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli 1975-ci ildə Oğuz şəhərində anadan olub. İstanbul Universitetinin Politologiya fakültəsinin məzunudur.

“Dan ulduzu” adlı ilk romanı 2019-cu ildə, “Çağrı” adlı ikinci romanı isə 2023-cü ildə TEAS Press tərəfindən nəşr olunub. Hər iki kitab dəfələrlə ölkəmizdə ən çox satılan kitabların siyahısına düşməyi bacarıb.

ALPHA Coaching & Consulting şirkətinin həmtəsisçisi və idarəedici partnyoru olan Elçin Əzimli ölkəmizin ilk beynəlxalq sertifikatlı kouçlarındandır. 2016-cı ildə Kanadanın Adler Kouçinq Məktəbini bitirib. 2020-ci ildə Beynəlxalq Kouçinq Federasiyası tərəfindən Professional Certified Coach® və Mentor Coach, 2023-cü ildə isə Avropa Mentorinq və Kouçinq Şurası tərəfindən Senior Practitioner peşəkar dərəcələri ilə təltif olunub. O, həmçinin Emosional intellekt sahəsində də beynəlxalq sertifikasiyalara sahib mütəxəssisdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 iyul 2019-cu il tarixində təsis olunan “Yüksəliş” müsabiqəsinin Baş qiymətləndirici eksperti qismində fəaliyyət göstərir.

Dövlət və özəl sektorda 23 illik iş təcrübəsinə malikdir. 2011-ci ildən etibarən biznes təlimçilik fəaliyyəti ilə məşğul olur. Ölkəmizin bir sıra şirkət və təşkilatlarının rəhbər heyətlərinə liderlik, idarəçilik, emosional intellekt və s. mövzularda çoxsaylı təlimlər keçib.

Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. O, indiyə qədər keçirdiyi yüzlərlə təlim və seminarda insanları bu fəlsəfəyə dəvət edib.